Müsahibə

“Esyen ilə sevgili olduğumuzu düşünənlər olmuşdu” – Kəmalə İsmayılova

354dəfə oxunub
Tanınmış fitness məşqçi Kəmalə İsmayılova “Qalatasaray” – “Beşiktaş” (2:0) matçını izləmək üçün Türkiyəyə səfər edib. 
Qatı “cim-bom” azarkeşi kimi tanınan Kəmalə həm derbi haqda təəssüratlarını, həm də özü ilə bağlı maraqlı məqamları Sport7.az-la bölüşüb…
– Kəmalə, Türkiyə səfərin işinlə bağlıdır?
– Yox, derbini izləmək üçün gəlmişəm.
– Oyunla bağlı təəssüratlarını bizimlə bölüşərsən?
– Artıq üçüncü dəfədir ki, “Qalatasaray”ın oyununu canlı izləyirəm. Hər oyunda azarkeşlərin möhtəşəm dəstəyi olur. Əsl futbol ab-havası hiss olunur. Azarkeşlər stadionda həqiqətən komandalarını dəstəkləmək üçün gəlirlər, daha tum çırtlamaq üçün yox.
Oyuna gəlincə isə, həmişə demişəm əsas hesabdı, oyun yox. Amma oyun cəhəttəndə də “Beşiktaş”dan öndə idik.
– Bildiyim qədəri ilə, ölkəmizdə də “Qarabağ” azarkeşisən. Artıq çempion adını qazanmısız. Ölkə çempionatı, “Qarabağ” komandası ilə bağlı fikirlərin.
– “Qarabağ” mənə doğma komandadı. Özüm də ağdamlı olduğum üçün bu klubu dəstəkləyirəm. Çempion olacağımıza şüphə etmirdim. Bu komanda həm disiplin, həm də oyun tərzi ilə çempionatda seçilir.  Ancaq istərdim ki, komandaların sayı artsın və çempionat daha maraqlı keçsin.
– Çempionat oyunlarını izləməyə gedirsən?
– İmkan olduqca izləyirəm. Amma işdə olduğum üçün daha çox internet üzərindən izləyirəm.
– Son turda keçiriləcək “Neftçi” – “Qarabağ” oyununda Ağdam təmsilçisinin mükafatlandırma mərasimi olacaq. Bu oyunu izləməyə gedəcəksən?
– Bəli, stadiondan izləyəcəyəm. Belə bir anı buraxa bilmərəm. Çox istərdim ki, stadion dolu olsun.
– Bəs Naxçıvanda keçiriləcək kubokun final matçına getməyi düşünürsən?
– Finalda “Sumqayıt”ı dəstəkləyəcəm. Gənc kollektivdi. Prezidenti də gənc olmasına baxmayaraq düzgün iş aparır.
– Ümumiyyətlə, ölkə çempionatının səviyyəsini necə qiymətləndirirsən?
– Ötən illərə nisbətən irəliləyiş var. Amma istərdim ki, bölgə komandaları çoxalsın. “Xəzər Lənkəran”, “Kəpəz”, “Karvan” kimi komandalar qayıtsın. Özüm də yenidən futbol sferasında çalışmaq istərdim. Bəlkə də AFFA, və ya PFL… Niyə də yox?! (gülür)…
İstənilən sahədə qadın olmalıdı. Xüsusilə də futbolu sevən, futbolu bilən biri kimi. Düşünürəm ki, bəzi klublarda çalışanlardan daha yaxşı bilirəm bu işi.
– Daha əvvəl idman mətbuatında çalışırdın. Bu sahəyə qayıtmağı düşünürsən?
– Mətbuatda yox, hansısa klubda, və ya AFFA və PFL-də işləmək istərdim. Düşünürəm ki, xanımın klubda çalışması maraqlı olar.
– Məsələn, nə kimi yeniliklər edərdin, hansı lahiyələri həyata keçirərdin?
– Bunlar daha çox biznes planı olduğu üçün açıqlamağım düzgün olmaz. İdeyalarımı oğurlayarlar. (gülür)…
– Ümumiyyətlə, AFFA-nın bugünkü iş strukturunu necə dəyərləndirirsən?
– Qıraqdan kimisə baltalamaq, tənqid etmək asandı. Bilən-bilməyən hamı yıxıb sürüyür. Həmin adamlara sual vermək istərdim ki, siz olsanız daha yaxşı nə edərdiniz? Düşünürəm ki, hər kəs öz işini daha yaxşı görməyə çalışır. Heç kim tənqid olunmaq istəməz.
– Sosial şəbəkələrdə bir-birindən iddialı fotolarınla gündəm olursan. Səni izləyənlər sırasında və dostluq etdiyin futbolçular varmı? 
– Dostlarım var. Arada bəzilərinə dieta yazıram. (gülür)… İzləyənlər çoxdu. Onların sırasında “Səbail”in yeni transferi Maykl Esyen də var. Hətta sevgili olduğumuzu düşünənlər olmuşdu. (gülür)…
Röya Kərimli
Sport7.az