Yığmalarımız dünya çempionatına hazırlaşır

Oxunub: 19 | 20:10 | 26 avq 2022 | İdman

Güləş üzrə yığma komandalar sentyabrın 10-dan 18-dək Serbiyanın paytaxtı Belqradda keçiriləcək dünya çempionatına hazırlaşır.

Sərbəst güləş üzrə millimiz avqustun 21-dən təlim-məşq toplanışına start verib. Əsasən taktiki-texniki çalışmaların yer aldığı hazırlıq prosesində Çin, Estoniya, Gürcüstan, İsveçrə, İtaliya və Albaniya yığma komandaları da iştirak edir. Qarşıdakı günlərdə isə Fransa millisi bu toplanışa qoşulacaq. Baş məşqçi Namiq Abdullayev, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında Olimpiya Güləş Mərkəzində keçirilən məşqlər sentyabrın 11-dək davam edəcək.

Yunan-Roma güləşi üzrə millimiz bu gündən təlim-məşq toplanışına start verilib. Çinin müvafiq komandasıyla birgə baş tutan hazırlıq prosesi sentyabrın 7-də yekunlaşacaq. Bu yığmamız da baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov, məşqçilər Həsən Əliyev və Akif Əliyevin rəhbərliyi altında DÇ-yə Olimpiya Güləş Mərkəzində hazırlaşır.

Qadınlardan ibarət millimiz bu gün paytaxtda son məşqini keçib. Belə ki, komandamız mundiala daha yaxşı hazırlaşmaq üçün Türkiyəyə yollanacaq. İstanbulun Sarıyer bölgəsində yerli komandayla birgə təşkil olunacaq təlim-məşq toplanışında baş məşqçi əvəzi Rövşən Umudovun rəhbərliyi altında Leyla Qurbanova (53 kq), Jalə Əliyeva (57 kq), Alyona Kolesnik (59 kq), Tatyana Omelçenko (62 kq) və Elis Manolova (65 kq) iştirak edəcək. 29 avqustda start götürəcək TMT sentyabrın 10-dək davam edəcək. Komandamız Belqrada İstanbuldan yollanacaq.



Xəbər xətti

Xəbər xətti