Gündəm

Timur Juravel: “Bakıya gələn ingilis azarkeşlər yaxşı mənada təəccübləndirəcəklər”

175dəfə oxunub

“Bakı böyük yarışların keçirilməsində zəngin təcrübəyə malikdir. Hesab edirəm ki, Avropa Liqası müəyyən mənada Bakının ev sahibliyi etdiyi “Formula 1″ və ya Avropa Oyunlarından daha vacibdir. Mənə elə gəlir ki, belə imkanlara malik olan, son 10 ildə tanınmayacaq dərəcədə yenilənən şəhər üçün belə oyun heç bir problem yarada bilməz”.

Bunu “Report”un Rusiya bürosuna müsahibəsində Rusiyanın “Matç TV” telekanalının şərhçisi Timur Juravel deyib.

O, UEFA Avropa Liqasının mayın 29-da Bakıda keçiriləcək final matçını şərh edəcək. T.Juravel Azərbaycanın bu görüşə hazırlığı, oyunun Rusiya KİV-ində işıqlandırılması və matçdan gözləntilərinə dair fikirlərini bölüşüb.

“Belə final yalnız qonaqlar üçün yox, həm də yerli sakinlər üçün bayramdır. Odur ki, arzulayanların hamısı finalda olmalıdır. İngilislər üçün az sayda bilet ayrılması məsələsinə gəlincə, onlar bahalı olduğundan heç bu qədər yolu gəlməyə can yandırmırlar da. Həmçinin əminəm ki, İngiltərə mətbuatı tərəfindən yayılması mümkün olan mənfi cəhətlər onların nümayəndələrinin bura gəlməsi və vaxtını istədiyi kimi keçirməsi ilə yoxa çıxacaq. Çünki onların Dünya Çempionatından əvvəl də Rusiyanın böyük ölkə olması, logistikanın əlverişsizliyi, çox şeyi anlamadıqları ilə bağlı şikayətlər etdiyini xatırlayıram. Amma sonda hər kəs məmnun qaldı. Mənə elə gəlir ki, Bakıya gələn ingilis azarkeşlər yaxşı mənada təəccübləndirəcəklər. Onları Azərbaycanda çoxlu görməli yerlər, dadlı yeməklər və qonaqpərvərlik gözləyir”, – T.Juravel bildirib.

“Matç-TV”nin şərhçisi oyunla bağlı gözləntilərini bölüşərkən matçın proqnoz üçün çətin olduğunu qeyd edib: “Belə başa düşürəm ki, UEFA Kubokunun finalları tarixində ən çox azarkeşin toplanacağı stadion olacaq. Bundan əvvəl ən böyük auditoriya 1999-cu ildə Moskvada olub. Fikrimcə, əla ab-hava olacaq. Oyun proqnoz üçün anlaşılmaz və çətindir. Bu da marağı artıran cəhətlərdəndir. Amma Avropa Liqasını üç dəfə qazanmış Unay Emeri faktoru “Arsenal”a cüzi üstünlük qandırır. Odur ki, şansları 51:49 “Arsenal”ın xeyrinə dəyərləndirərdim”.

“Azarkeşlərin təhlükəsizliyinə gəlincə, burada heç bir sual olmamalıdır. Çünki Azərbaycan ilk dəfə deyil belə böyükmiqyaslı yarışa ev sahibliyi edəcək. Şəxsən mənim üçün Bakıya və ya Madridə getməyin fərqi yoxdur. Təhlükəsizlik baxımından eyni lokasiyalardır. Bakıda heç nədən qorxmuram”, – rusiyalı şərhçi qeyd edib.